Mayın 8-də Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanı Yəhudi əsilli Albert Aqarunovun Şəhidlər Xiyabanındakı məzarını Milli Qəhrəmanın qardaşı Rantiq Aqarunovla və Dağ Yəhudiləri Dini İcmasının rəhbəri, hörmətli və dəyərli Milix müəllim Yevdayevlə və digər iştirakçılarla və dostlarla birlikdə ziyarət etdik.
Albert 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Milliyyətcə Dağ Yəhudisidir.
Qarabağ müharibəsi başlayarkən o Gürcüstanda zavodda işləyirdi və Gürcüstandan könüllü olaraq birbaşa cəbhəyə‚ döyüş bölgəsinə yollanır və erməni canilərilə döyüşə başlayır. Albert tankçı idi və döyüşlərdə də tank komandiri olaraq düşmənlə vuruşub. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını, digər texnikalarını məhv edib, qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. Albertin Şuşada vurub məhv etdiyi tankı ermənilər Şuşada abidə kimi 44 günlük müharibə başlayana qədər saxlamışdır və hər il Albertin vurduğu həmin tankı ziyarət edirdilər. Vuruşduğu müddətdə Albert düşmənə o qədər ağır zərbələr endirmişdir ki‚ ermənilər onun başına yüksək pul mükafatı qoymuşdular. Albert Qarabağ müharibəsində həqiqətən bir əfsanəyə çevrilmişdi. Döyüş yoldaşları onun adını yaşatmaq üçün tanklarına Albert adını qoymuşdular.
Vətən üçün doğulanlar və vətən üçün həyatını fəda edənlər heç vaxt unudulmur. Albert bu vətənin vətənpərvərlik simvolona çevrilmiş dəyərli vətən övladıdır.
ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun. Nur içində yatsın. AMİN.















